Biskvit tortu.

Bu çox..çox ləzzətli bir tortdur. Kremi yüngül və dadlı, biskvitləri havalı və yumşaq alınır. Arasına qoyduğunuz ananaslar isə xüsusi ləzzət qatır. Ananasın mövsümündən asılı olaraq təzə və ya konserv ananas istifadə edə bilərsiniz.

Lazım olan ərzaqlar:

Biskvit:

  • 7 yumurta
  • 200 qr şəkər tozu (1 stəkan)
  • 120 qr un (1 stəkandan 1 barmaq az)
  • 70 qr kartof nişastası (stəkanın 1/3 hissəsi qədər)
  • şəkərli vanilin 5 qr

Krem üçün:

  • 600 ml süd
  • 5 xörək qaşığı un
  • 1 xörək qaşığı nişasta
  • 250 qr kərə yağı
  • 200 qr şəkər kirşanı
  • 100 ar ağ şokolad
  • şəkərli vanilin 5 qr

Arasına 1 banka ananas konservi və ya təzə ananas

Bəzəyi üçün:

  • 400 ml qaymaq
  • 3 xörək qaşığı şəkər kirşanı
  • 1 xörək qaşığı nişasta
  • qida boyası

Biskvit üçün yumurtaları şəkər tozu ilə ağarana və həcmi artana qədər mikserlə çalın.

Yumurtaları ağını sarısından ayıraraq şəkər tozunu yarı-yarı əlavə edərək də çala bilərsiniz. Belə olduqda biskvit daha havalı olur və çox şişir.

Un, nişasta və vanilini qarışdırıb ələkdən keçirib yumurtalara əlavə edin və qaşıqla qarışdırın.

Sobanın qabına kalka kağızı salıb xəmiri tökün və 180 dərəcədə hazır olana qədər bişirin. (təxminən 30-40 dəqiqə)

Hazır biskviti soyudub tavadan çıxarın.

Kremi üçün südün yarısını bir qabda qazın üzərinə qoyub qaynadın. Digər yarısına un və nişastanı töküb yaxşı qarıdırın ki, un yumurlanmasın. Bu qarışımın üzərinə qaynar südü əlavə edərək qarışdırın. Qazın üzərində kremi qarışdıra-qarışdıra qatılaşıb qaynayana kimi bişirin.

İsti halda içinə ağ şokoladı tökün və əriyənə qədər qarışdırın.

Sonra bu məhlulu tam soyudun.

Ayrı bir qabda yumşalmış kərə yağını mikserlə çalın, üzərinə şəkər kirşanını əlavə edib yenə çalın. Sonda soyumuş südlü məhlulu qatıb hamısını birlikdə qarışdırın.

Krem yumurtasız olduğu üçün ağ alınır. Mən bu kremi çox bəyənirəm.

Soyumuş biskviti iki bərabət hissəyə bölün. Biskviti ananas konservində olan şirə ilə isladın və üzərindən bol krem çəkin.

Ananasları doğrayıb kremin üzərindən düzün.

Biskvitin digər hissəsini də kremləyib ananasların üzərindən qoyun.

Tortun kənarlarını və üzərini də kremləyin.

Üzərinin bəzəyi üçün mən qaymaqlı krem düzəltdim. 400 ml 33 faizli qaymağı 3 xörək qaşığı şəkər kirşanı və 1 xörək qaşığı nişasta ilə bərkiyənə qədər çaldım və sarı rəngli qida boyası qatdım.
Yarpaqları isə hazır mastika ilə düzəltmişəm.

Bu da tortun kəsiyinin görüntüsü.

Biskvit tortu hazırdır.

Nuş olsun!

Biskvit tortu

Biskvit tortu

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...