Balli tort resepti.

Elə tortlar var ki, heç bir müasir şirniyyatlar – çizkeyk, tiramisu, mastikalı torlar və s. onları əvəz edə bilməz. Ballı tort da bu klassik tortlardan biridir. 2016-cı ilin gəlişi ərəfəsində bu tortu hazırlayıb, resepti sizə təqdim etmək istədim. Bəlkə bir çoxlarınız yeni il axşamına məhz ballı tort hazırlayacaq.

Lazım olan ərzaqlar :

Korjlar üçün:

  • 200 qr (1 stəkan) şəkər tozu
  • 100 qr kərə yağı
  • 3 xörək qaşığı bal
  • 2 ədəd yumurta
  • 1 çay qaşığı soda + sirkə və ya limon suyu
  • 300-500 qr un (təxminən 3 stəkan)

Krem üçün:

  • 1 qab + yarım qab qaynanmış qatılaşdırılmış süd
  • 300 qr kərə yağı

Arasına:

  • 100 qr qoz ləpəsi

Bir qaba yağ, şəkər tozu, balı əlavə edin.

Bir qazanda suyu qaynadıb yağ, bal və şəkər tozu olan qabı qaynayan su olan qazanın üzərinə qoyun və suyun buxarı ilə qabda olan ərzaqlar tam əriyib qarışana qədər qaşıqla qarışdırın. Sodanı sirkə və ya limon suyu ilə söndürüb bura əlavə edib qarışdırın və qabı kənara qoyun. (Buxarla ərzaqların əridilməsinə su hamamı və ya Benmari üsulu deyilir. blush

Ərzaqlar əriyib qarışdıqdan sonra kənarda 2 yumurtanı bir-bir qaşıq və ya çəngəl ilə qarıdıraraq bura əlavə edin.

Unu hissə-hissə ələkdən keçirərək bura əlavə edib qarışdırın.

Xəmir isti olduğu üçün sizə elə gələcək ki, yenə un əlavə etmək lazımdır. Ancaq artıq una ehtiyac yoxdur. Xəmir soyuducuda 30 dəqiqə qaldıqdan sonra bir az daha bərkiyəcək. Qabın ağzını bağlayıb soyuducuda 30 dəqiqə saxlayın.

Soyuducudan çıxmış xəmiri 8 eyni ölçülü və 1 kiçik (üzərinin qırıntısı üçün) kündəyə ayırın. Əgər xəmir əlinizə yapışsa bir az undan istifadə edə bilərsiniz.

Sonra yapışmayan kağız üzərinə  kündələri bir-bir bacardığınız qədər nazik yayın. Yaydıqda xəmir yapışarsa un əlavə edin, amma çalışın undan çox istifadə etməyəsiz. Xəmir quruyub bərk alına bilər. Yaydığınız xəmirin üzərinə boşqab qoyub dairə şəklində kəsin ki, bütün korjlarınız eyni ölçülü olsun. Sonra xəmirin hər tərəfini çəngəl ilə deşin. Bu bişən zaman xəmirin qeyri-bərabər şişməsinin qarşısını alacaq.

190 dərəcəli sobada 2-3 dəqiqə qızarana qədər bişirin. Korjları sobadan çıxaran kimi ehtiyatla kağızdan ayırıb çay dəsmalına büküb kənara qoyun.

Krem üçün yumşalmış kərə yağını ağarana qədər mikserlə çalın. Üzərinə qatılaşdırılmış süd əlavə edib yenə bir az çalın. Krem hazırdır.

Korjların hər iki üzünü kremləyib arasına blenderdə xırdalanmış qoz səpin. Sonra tortun üzərini və kənarlarını da kremləyin.

Korjların kənarından qalan qırıntıları və kiçik korju blenderdə xırda ovuntu halına salın və tortun üzərinə və kənarlarına səpin. Tort bir gecə soyuducuda qaldıqdan sonra daha dadlı və yumşaq olur.

Nuş olsun!

Balli tort

Balli tort

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...