Brauni resepti

brauni resepti

Brauni (Brownie) –  Amerika mətbəxinə aid şokoladlı piroqdur. Adı ingilis dilindən tərcümədə qəhvəyi deməkdir, bu da piroqun rəngi ilə əlaqədardır. Brauninin konsistensiyasına görə bir neçə növü var. Fudgy brownie – orta hissəsi daha çox yumşaq və nəmli qalan növdür. Cakelike brownie – keks konsistensiyal olur. Chewy brownie – xəmirə əlavə olunan əlavə yumurta hesabına daha elastik olur. Bundan başqa Blondie deyilən növ də vardır ki, koksistensiyasına görə brauniyə oxşasa da, tərkibində şokolad və kakao yoxdur.

Sizinlə paylaşacağım brauni resepti keks konsistensiyalı braunilərə aiddir. Tərkibinə həm kakao, həm də şokolad daxildir. Şokolad olaraq tünd şokolad istifadə etdim. Mən braunini tünd qəhvəyi sevirəm, amma bu dəfə kakaom açıq rəngli olduğu üçün şəkillərdən gördüyünüz rəngdə alındı. Amma bu onun dadına heç bir təsir etmədi 🙂

Brauni resepti

Lazım olan ərzaqlar:

  • 100 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 2 xörək qaşığı kakao
  • 1 stəkan (200 qr) şəkər tozu
  • şəkərli vanilin 10 qr və ya vanil ekstraktı 1 x.q.
  • 100 qr tünd şokolad
  • 3/4 stəkan un

 

Şokoladı kiçik hissələrə bölüb kərə yağı ilə birlikdə əridirik. Bunu mikrodalğalı sobada və ya su hamamında etmək olar.

Yağ və şokolad əridikdən sonra üzərinə şəkər tozu və kakao əlavə edib qarışdırırıq.

Yumurtaları bir-nir bu qarışıma əlavə edib çırpma teli ilə qarışdırırıq.

Sonda unu əlavə edib spatula və ya qaşıqla qarşdırırıq. Qeyd edim ki, qabartma tozuna ehtiyac yoxdur. Tərkibində olan yumurtaların hesabına brauni kifayət qədər havalı alınır.

Əlavə olaraq braunin içərisinə qoz və ya başqa quru meyvələr, damla şokolad və s. qatmaq olar.

Düzbucaqlı formalı qaba yapışmayan kağız sərib qarışımı bərabər yayılacaq şəkildə əlavə edirik. Əvvəlcədən isidilmiş 180

dərəcəli sobada 25-30 dəqiqə bişiririk.

Soyuduqdan sonra kiçik düzbucaqlılar şəklində doğrayırıq. Üzərinə əlavə şokoladlı sous gəzdirə bilərsiniz, və ya yanında dondruma ilə servis edı bilərsiniz.