Ciyelekli tort resepti.

Fransız mətbəxinin möcüzələrindən biri olan bu tortun adının çox maraqlı tarixi var. Fransız monarxı Lüdovik XIV müxtəlif şirniyyatları, yeməkləri çox sevirdi. 50ci yaşında onun artıq sağlamlığı ilə ciddi probləmləri var idi. Bu vaxt o özünə məsləhətçi vəzifəsinə Antuan de Frezye adlı bir nəfəri işə götürür. Antuan de Frezye Amerikada bir çox yerləri gəzib görmüş keçmiş casus idi. 1714-cü ildə o Amerikadan departasiya olunmuşdu. Ölkəsinə heç bir gizli hərbi xəbər çatdıra bilməsə də, o Fransaya çiyələyi gətirmişdir.

Amerikdan özü ilə bir neçə çiyələk kolu gətirən Antuan de Frezye bununla özünə daha sonrakı həyatının sığortasını qazanmışdır. Belə ki, sarayın baş aşbazının bu çiyələkdən hazırladığı Frezye (Fraisier) tortu Lüdovik XIV in çox xoşuna gəlmişdi. Bununla da bir il sonra kralın botanika bağında Avropada ilk dəfə casusun adını daşıyan “fraise” (fransız dilində çiyələk deməkdir) giləmeyvəsini yığmağa başladılar. Həmin tortu da çiyələyi Avropaya ilk dəfə gətirən casus Antuan de Frezyenin şərəfinə Fraisier – Frezye adlandırdılar.
Tort haqqında onu deyə bilərəm ki, həqiqətən də krallara  layiq tortdur. Əsil yaya uyğun, çiyələkli, yüngül biskvitli, kremi plombir dadı verən birt tortdur. Hazırlamağınız və dadına baxmağınız məsləhətdir.

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 3 yumurta
  • 100 qr şəkər tozu
  • 60 qr un
  • 25 qr nişasta
  • 1 çay qaşığı qabartma tozu
  • vanilli şəkər 1 çay qaşığı

Bu 21-22 sm diametrli qab üçün biskvit reseptidir. Qabınız böyük olsa 5 yumurta ilə biskvit hazırlaya bilərsiz. Digər ərzaqları da müvafiq olaraq artırın.
(mən 28 sm diametrli qaba 5 yumurta, 1 stəkan şəkər tozu və 1 stəkan un istifadə etdim)

Krem üçün:

  • 900 ml süd
  • 5 yumurta
  • 300 qr şəkər tozu
  • 60 qr nişasta
  • 35 qr un
  • 200 qr kərə yağı
  • 2 xörək qaşığı jelatin
  • 50 ml su
  • vanilinli şəkər 1 çay qaşığı

Şirə üçün:

  • 100 qr şəkər tozu
  • 100 ml su

Arasına və üzərinə 1 kq çiyələk

Mən ilk olaraq kremi hazırlamağa başladım. Çünki kremin soyumasına bir az vaxt gedəcək. Krem üçün südü şəkər tozunun yarısı və vanil ilə bir qazana töküb qaynamağa qoyuruq.

Digər qabda yumurta,un, nişasta,qalan şəkər tozunu yaxşı qarışdırırıq.

Süd qaynayanda yaxşı qarışdıra-qarışdıra yumurtalı qarışımı bura əlavə edib yenə qazın üzərinə qoyub qarışdıraraq qatılaşana qədər bişiririk.

Qaynamağa başlayanda altını söndürüb isti halda kremin içinə 50 qr yağ atıb qarışdırıb kənarda soyumağa qoyuruq.

Bir qabda jelatini 50 ml normal istilikli suda həll edirik, əgər jelatin tam həll olmazsa mikrodalğalı sobada çox az müddət saxlamaq şərti ilə və ya su hamamında jelatinli suyu bir az isidib tam həll olana qədər yenə qarışdırırıq.

Qalan 150 qr kərə yağını soyumuş qarışıma əlavə edib mikserlə çalırıq. Sonda həll olmuş jelatini də töküb qarışdırırıq.

Krem hazırdır.

Biskvit üçün yumurtaları şəkər tozu ilə ağarana qədər 15-20 dəqiqə mikser vasitəsilə yaxşı çalırıq.

Un, nişasta, qabartma tozu və vanilini qarışdırıb ələkdən keçirib bura əlavə edirik və qaşıqla qarışdırırıq.

Sobanın listinə kalka kağızı salıb, kənarlarını yağlayıb biskvit xəmirini töküb 180 dərəcəli sobada 30-40 dəqiqə bişiririk.

Hazır biskviti soyuduqdan sonra iki yerə bölürük.

Bir qabda şəkər tozu və su ilə biskviti islatmaq üçün şirə hazərlayırıq.

Yanı açılan qabın hər tərəfinə streç qida plyonka sarıyırıq (tort hazır olanda qabdan çıxarmaq asan olsun deyə) və alta biskvitin yarısını qoyub üzərindən hazırladığımız şirəni gəzdiririk.

Bir neçə böyük eyni ölçülü çiyələyi yarıya bölürük.

Biskvitin üzərindın bir az krem çəkib qabın kənarlarına yarıya böldüyümüz çiyələkləri bu şəkildə düzürük.

Orta hissəyə isə bütöv çiyələklər düzürük.

Kremdən 3-4 qaşıq saxlayıb qalanını çiyələklərin üzərindən tökürük.

Biskvitin digər yarısını da qoyub şirə ilə isladıb qalan kremi üzərinə çəkirik. Tortun üzərini bağlayıb minimum 8 saat soyuducuda saxlayırıq ki, jelatinli krem özünü tutsun və bərkisin.

Mən tortu axşamdan hazırlayıb 1 gecə soyuducuda saxladım. Üzərinə isə şokolad qırıntıları tökdüm. Bəzək üçün bir neçə bütöv çiyələk, təzə nanə yarpaqları və çiyələk çiçəklərindən istifadə etdim.

Ləzzətli, yüngül bir tort alındı.

Bu da kəsiyi..

Nuş olsun!

Ciyelekli tort resepti

Ciyelekli tort resepti

Ciyelekli tort resepti

Ciyelekli tort resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...