Ezo gelin sorbasi.

Bu gün sizə təqdim edəcəyim bu şorbanın çox maraqlı hekayəsi var.

Əfsanəyə görə Türkiyənin Gaziantep bölgəsində gözəlliyi ilə hər yerə səs salmış Zöhrə adında bir qız varmiş. Daha sonralar adı qısaldılaraq Ezo gəlin deyə adlanmışdır. Ezonu öz istəyi olmadan Şıda Hanifi adlı birinə ərə verirlər. Ancaq bu evlilik çox davam etmir və Ezo evi tərk edib atasınln evinə qayıdır. Uzun illər ona edilən çoxlu evlənmə təkliflərini qəbul etmir. Ancaq sonda yenə də onu öz istəyi olmadan ərə verməyə çalışırlar, bu dəfə öz xalası oğlu Mehmetə.

Ezonun bu evliliyə qarşı çıxmağının səbəbi Mehmetin Suriyada yaşaması idi. Ezo bir daha vətəninə geri dönə bilməyəcəyindən qorxurdu. Ancaq sonda araya qadın qohumları girir və Ezo gəlini razı salırlar. Bu evlilikdən Ezo gəlinin altı qız övladı doğulur. Bir yandan çətin yaşayış şərtləri, yoxsulluq, digər yandan vətən həsrəti Ezo gəlini haldan salır. O vərəm xəstəliyinə tutulur və bu xəstəlik onun həyatına son qoyur. O, sağlığında həyat yoldaşına onu öləndə Türkiyədə basdırmağı vəsiyyət etmişdi. Belə də olur, onun Türkiyədə sərhədə yaxın bir yerdə basdırırlar.

Ezo gəlinin bütün bu yaşadıqları bişirdiyi şorbasında da əksini tapmışdır. Şorbanı yoxsulluqla ancaq tapa bildiyi ərzaqlardan bişirərdi, içinə çətin yaşamını, yoxsulluğunu, vətən və yaxınlarının həsrətini, qayğı və umidlərini qatardı.

İndi sizə bu maraqlı tarixə bağlı olan şorbanın hazırlanma qaydasını təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • su və ya bulyon
  • pul bibər
  • 2 x.q. tomat pastası
  • Soğan 1 ədəd
  • 1 armudu stəkan qırmızı mərci, 1 armudu stəkan düyü, 1 armudu stəkan bulğur
  • 0.5 armudu stəkan tel şəhriyə (nazik xırda vermeşil)
  • 2 x.q. un
  • nanə
  • kərə yağı
  • duz

Ərzaqları öz ailə üzvü sayınıza görə azaldın. Düyü,bulgur və tel şəhriyə bişəndə şişib artdığına görə şorbanız çox alına bilər.

Düyü, mərci və bulguru yaxşı yuyub bir qazana töküb üzərinə su alıb qaynamağa qoyun.

Soğanı xırda doğrayıb kərə yağında qızardın.

Soğan rəngini dəyişib azca qızaranda unu əlavə edib iyi çıxana kimi qovurun.

Nanə, pul bibər və tel şəhriyəni əlavə edin.

Tomat pastası töküb bir az qaynar su əlvə edib yaxşıca qarışdırın ki, qatılığı açılsın.

Hazırladığınız bu qarışımı bişmiş düyü, bulgur və mərcinin (suyunu süzmək lazım deyil) üzərinə tökün. Lazım olan qədər qaynar su və ya ət bulyonu əlavə edib qaynamağa qoyun. 5-6 dəqiqə qaynadıqdan sonra şorbanı kənara çəkib blenderden keçirə bilərsiz.
Şorbanın qatılığını sonradan qaynar su əlavə edərərk aça bilərsiz.

Fərqli şorba hazırlamaq istəsəniz mütləq bu şorbanı hazırlayın, hazırlanması asan, fərqli dadda bir şorbadır.

Nuş olsun!

Ezo gelin sorbasi

Ezo gelin sorbasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...