Gobelekli yemekler Spagetti

Göbələklər təbiətin maraqlı nümayəndəsidirlər, çünki onlar nə heyvanlar aləminə, nə də bitkilər aləminə daxildirlər. Çox maraqlı və qeyri-adi quruluşları var. Planetimizdə 100 000 göbələk növü movcuddur. Onlardan sadəcə 5000 növü istifadə üçün becərilir. Yəqin ki, elə göbələkli yemək reseptləri də bu saydan az deyil. Yüzlərlə müxtəlif göbələkli yemək reseptləri mövcuddur. Göbələklərin kulinariyada ən çox istifadə olunan növləri kulturalar şəklində becərilir.

Gobelekli yemekler

Göbələkli yeməklər həmişə ətirli, dadlı olur və iştahaşaçan görünür. Çox asan göbələkli yemək resepti sizin dadlı şam yeməyi hazırlamağınıza kömək olacaq.

Məncə pasta növlərini sevməyən yoxdur. Xüsusilə də spagettini uşaqdan böyüyə hər kəs çox sevir. Məncə bu resept spagetti və göbələk sevənlər üçün əla seçim olacaq. Hazırlanmasına demək olar 30 dəqiqə vaxtınız gedəcək. Amma bu yeməyin ləzzəti damağınızda hələ çox qalacaq 🙂

Lazm olan ərzaqlar:

  • Spagetti (4-5 nəfərlik) 1 paket
  • 500 qr şampinyon göbələyi
  • 300 qr toyuq filesi
  • 200 ml qaymaq
  • 70 qr kərə yağı
  • 1 ədəd baş soğan
  • 2 diş sarımsaq
  • duz və istiot

Gördüyünüz kimi ərzaqlar çox sadə və asan əldə olunandır.

Tavaya kərə yağı əlavə edib isidirik. Soğanı soyub xırda doğrayırıq. Soğanı yağda şəffaflaşana qədər bişiririk. Sarımsağı soyub sarımsaq əzən vasitəsi ilə əzib bura əlavə edirik. Daha sonra toyuğun döş ətini doğrayıb əlavə edirik və təxminən 6-7 dəqiqə bişiririk. Toyuğun suyu çəkiləndə doğranmış şampinyon göbələyini də tavaya əlavə edib qarışdırırıq. Göbələyin suyu çəkilənə qədər bişiririk. Duz və istiot əlavə edib qarışdırırıq. Sonda qaymağı əlavə edib 2 dəqiqə ocaqda saxlayıb altını söndürürük.

Spagettini adi qaydada qaynadıb süzürük. Bunun üçün bir böyük qazana su doldurub qaynadırıq. 1 xörək qaşığı bitki yağı və duz əlavə edirik. Bu spagettinin yapışmasının qarşısını alacaq. Spagettiləri əlavə edib yumşalıb hazır olana kimi qaynadırıq. Suyunu süzürük.

Hazırladığımız qaymaqlı göbələkli qarışımı spagetti ilə qarışdıra və ya ayrı-ayrılıqda süfrəyə verərsiniz. Mən qarışdırmadım, siz öz istəyinizə görə edə bilərsiniz 🙂

Nuş Olsun!

gobelekli yemekler

Resept haqqında suallarınız yaranarsa kommentlərdə yaza bilərsiniz.

Bu resepti Gilasmagazine jurnalında da tapa bilərsiniz.