Keks resepti qaragatli.

Maffinlərin tarixi İngiltərədən gəlir. Maffin – “muffin” sözü ilk dəfə 18-ci əsrdə işlənməyə başlamışdır. Tam mənası bilinməsə də, güman edirlər ki, bu söz fransız sözü “mouflet” sözündən qaynaqlanır. “Mouflet” yumşaq mənasını bildirir və çörəyin yumşaqlığını bildirmək üçün istifadə olunur. Bəzən isə alman dilində “muffen” sözü ilə əlaqələndirirlər, “muffen” kiçik piroq mənası verir.
Bu günlərdə isə maffinlər çox müxtəlif forma və içliklərlə hazırlanır. Hər zaman məşhur olan bu kiçik maffinləri bu dəfə mövsümə uyğun olaraq qara qarağat ilə hazırladım. Yumşaq və ləzzətli, şirin ilə turşun ahəngi yaranan bu maffinlərin reseptini sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 100 qr kərə yağı
  • 200 qr un (1,5 stəkan)
  • 2 çay qaşığı qabartma tozu
  • şəkərli vanilin
  • 200 qr şəkər tozu (1 stəkan)
  • 120 ml süd (0.5 stəkan)
  • 2 yumurta
  • 1 stəkan qara qarağat

Yumşalmış kərə yağını şəkər tozunun yarısı ilə qarışdırın, sonra yumurtaları, qalan şəkər tozu və ilıq südü əlavə edib qarışdırın.

Unu qabartma tozu ilə qarışdırıb az-az əlavə edərək qaşıq və ya çırpma teli ilə qarışdırın.

Qarağatların üzərinə bir az un səpib qarışdırın, bu onların maffinlərin içində bərabər paylanıb, dibinə çökməməyinə kömək edəcək. Qarağatları da xəmirə ehtiyatla qarışdırın.

Maffin qablarınız dəmirdisə yağlayın, silikon materialdadırsa yağlamağa ehtiyac yoxdur. Maffinlər üçün xüsusi kağızlardan da istifadə edə bilərsiniz. Qabları yarıya qədər xəmir ilə doldurun.

180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Maffinlər hazırdır, bir stəkan çay süzüb qarağatlı maffinlərin ləzzətini çıxara bilərsiniz.

Nuş olsun!

Keks resepti qaragatli

Keks resepti qaragatli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...