Kirpi pirojnasi resepti.

Nə qədər müasir şirniyyatlar, tortlar, pirojnalar dəbə minsə də klassika həmişə öz aktuallığını qoruyur. Uşaqlığımızı xatırladan dadlardan biri də bu yumşaq biskvitli, zərif kremli kirpi pirojnasıdır.

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 4 yumurta
  • 1 stəkan şəkər tozu
  • 200 qr kərə yağı (yumşalmış)
  • Yarım stəkan qatıq
  • 1çay qaşığı soda
  • 2,5 stəkan un

Krem:

  • 3 xörək qaşığı un
  • 1 xörək qaşığı nişasta
  • 1 yumurta
  • 1,5 stəkan şəkər tozu
  • 3 stəkan süd
  • 250 qr kərə yağı

Yumurtalar şəkər tozu ilə ağarana qədər çalınır.

Otaq temperaturunda yumşalmış kərə yağını bura əlavə edin. Qatığın üzərinə sodanı əlavə edib qarışdırın və bura qatıb hamısını birlikdə mikserlə qarışdırın.

Az-az un əlavə olunub mikserin aşağı sürətində qarışdırılır.

Xəmiri iki yerə bölüb iki dəfəyə bişirin. Sobanın qabına yağlı kağız sərib xəmiri nazik (1 sm qalınlığında) yayın. ( Qabın diametri 38 sm.dir) Əgər qabınız kiçik diametrli olsa xəmiri bir neçə yerə bölüb nazik yayaraq bişirin. 180 dərəcəli sobada 25-30 dəqiqə bişirin.

Krem üçün süd, un, nişasta və şəkər tozunu qarışdırıb qazın üstündə qarışdıra-qarışdıra qatılaşıb qaynayana qədər bişirilir.

Krem kənarda tam soyuyandan sonra kərə yağı ayrı bir qabda mikserlə ağarana qədər çalınır və bişirdiyiniz məhlul əlavə olunub birlikdə çalınır. (istədiyiniz başqa kremdən də istifadə edə bilərsiniz)

Hazır olan biskvitlər armudu stəkanın ağzı ilə dairəvi formada kəsilir. Kənarlarından çıxan artıq biskvitlər xırda ovulur.

Bir-birinə uyğun hissələr üst-üstə qoyulub arası və kənarları kremlənir. Pirojnanın kənarlarını ovuntunun içində fırladın.

Sonra üzərini kremləyib ovuntu səpin. Kirpilər hazırdır 🙂

Pürrəngi çay dəmləyib pirojna ilə nuş edin 🙂

Kirpi pirojnasi resepti

Kirpi pirojnasi resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...