Kokoslu pecenye resepti

Makarun, yoxsa makaron? Bu iki şirniyyat növünü adında yalnız bir hərf fərqləndirir, əslində isə onlar tamam fərqli şirniyyatlardır. Tərkibindəki ərzaqlar, adları, vətənləri də fərqlidir. Çox vaxt adlarının oxşar olması onların səhv salınmasına səbəb olur. Bu gün mən kokoslu amerikan əsilli makarunların (macaroon) reseptini sizinlə paylaşıram. Bu makarunları Gilasmagazine yaz buraxılışı üçün hazırlamışdım.

Reseptin tərkibi çox sadə ərzaqlardan təşkil olunmuşdur. Makarunlar Fransız makaronları (macaron)  kimi əfsanəvi, populyar və rəngarəng deyil. Amma əminəm ki, onlar da sizi dadı ilə təəccübləndirə biləcəklər. Bu şirniyyatı yumurta ağı, şəkər tozu və kokos qırıntılarından hazırlayırlar. Bəzən isə badam da əlavə oluna bilər. Həmçinin makarunları əridilmiş şokolada batırmaq da olar. Şokolad istifadə etməsəniz belə onlar özlüyündə yenə də çox ləzzətli və yüngül olacaqlar.

Lazım olan ərzaqlar:

  • 1 ədəd yumurta ağı
  • 4 xörək qaşığı şəkər tozu (50 qr)
  • 1 stəkan kokos qırıntıları ( 60 qr)
  • 1/8 çay qaşığı duz
  • 1/4 xörək qaşığı vanil ekstraktı
  • 115 qr şokolad

1 ədəd yumurtanın ağını sarısından ayırın. Bir qabda yumurta ağını azca çırpın. Daha sonra bura şəkər tozu, vanil, duz əlavə edib çırpmağa davam edin.

Daha sonra kokos qırıntılarını əlavə edərək qarışdırın. Bu qarışımın koksistensiyası nə çox yapışqan, nə də çox sulu olmalıdır.

Soba listinə kalka kağızı salın. Sonra əliniz ilə və ya qaşıq ilə kiçik toplar formalaşdırıb kağızın üzərinə düzün. Bu porsiyadan 8 ədəd makarun alınır.
15-20 dəqiqə 170 dərəcəli sobada bişirin. Bişmiş macaroonları soyudun.

Şokoladı mikrodalğalı sobada və ya su hamamında əridin. Hazır makarunların alt hissəsini şokolada batırıb kalka kağızının üzərinə qurumağa qoyun. Qalan şokoladla isə üzərini bəzəyə bilərsiniz.

Şokolad quruduqdan sonra makarunları qablara yığıb saxlaya bilərsiniz.

Nuş olsun!

kokoslu pecenye resepti

kokoslu pecenye resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...