Narli fetir

Narli fetir

Narli fetir

Azərbaycan mətbəxi çox maraqlı və rəngarəng yeməklərlə zəngindir. Bir çox yeməklərimiz artıq unudulub, gündəlik hazırlanmır. Narlı fətir də bəlkə də belə yeməklərimizdən biridir. Bu, bir çörək növüdür, ədviyyatlı, narlı və soğanlı. Uşaqlıqda nənəm bizə bu fətiri tez-tez bişirərdi. İnternetdə bu fətirlə bağlı heç bir məlumat və resept tapmadım, ona görə qərara gəldim ki, bu resepti sizinlə bölüşüm.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 3 st. un
  • 300 ml su
  • 1 ç.q. maya, 1 ç.q. şəkər tozu
  • 1.5 ç.q. duz

İçinə:

  • 100 qr. kərə yağı (yumşalmış)
  • 1 soğan, 1 nar
  • 1 ç.q. sarıkök, 1 ç.q. cirə, 1 ç.q. razyana
  • 5-6 mixək

Soğanı xırda doğrayıb sarıkök və bir duz ilə qarışdırıb kənara qoyun ki, acı suyu çıxsın.

Narı dənələyin.

Ədviyyatları çox xırda olmamaq şərtilə üyüdün

Xəmir üçün əvvəlcə ilıq suya şəkər tozu və mayanı töküb 15-20 dəqiqə gözləyin ki, maya köpsün. Sonra unu az-az əlavə edib yumşaq, amma ələ yapışmayan xəmir yoğurun və üzərini örtüb 1-2 saat isti yerdə mayalanmağa qoyun.

Xəmir gələndən sonra otaq temperaturunda yumşalmış kərə yağını əlinizlə az-az xəmirə yedirin.

Soğanın suyunu sıxıb atın və soğanı, ədviyyatları xəmirə qatın.

Sonda dənələnmiş narı ehtiyatla xəmirə qatın.

Xəmirə forma verib yağlanmış listə qoyun və üzərini örtüb 30 dəqiqə saxlayın.

Xəmir listə mayalandıqdan sonra üzərinə bir az suda bir qaşıq unu açıb və ya sadəcə qatıq çəkib sobaya bişməyə qoyun. 180 dərəcədə 40-50 dəqiqə bişirin. Temperaturu çox qoymayın ki, fətirin içi tam bişsin.

Fətirimiz hazırdır 🙂 Yanına bir stəkan şirin çay süzüb nuş edə bilərsiz 🙂

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...