Qoz kukusu

Zəngin Azərbaycan mətbəxinin daha bir nümayəndəsi qoz küküsü və ya ləvəngi küküsüdür. Əsasən Talış zonasına aid olan bu yemək öz fərqli ləzzəti ilə seçilir. İnanıram ki, bu resept ilə hazırlayacağınız qoz küküsünün dadı damağınızdan getməyəcək.

Lazım olan ərzaqlar:

  • 100 qr qoz
  • 3 baş soğan
  • 6 yumurta
  • 1 dəstə şüyüd, 1 dəstə keşniş
  • 1 ədəd kartof
  • yarım çay qaşığı quru nanə
  • duz
  • istiot
  • 1 çay qaşığı sumaq
  • 2 xörək qaşığı turşu
  • bitki yağı və əridilmiş kərə yağı

Soğanı ətçəkən maşından keçirib tənzif ilə suyunu sıxın. Qozu da ətçəkən maşından keçirin. Kartofu sürtkəcdən keçirib bura əlavə edin və qarışdırın.

Göyərtiləri xırda doğrayın, yumurta, sumaq, nanə, turşu, duz və istiot əlavə edib hamısını birlikdə eynicinsli kütlə alınana qədər qarışdırın.

Tavaya bitki yağı töküb qızdırın. Qızmış yağa kükü qarışımını əlavə edib əvvəlcə az odda qapağı bağlı şəkildə , daha sonra bir qədər yüksək odda ağzı açıq şəkildə hər iki üzünü qızarana qədər bişirin.

Kükünü bütöv şəkildə çevirmək üçün tavanın ağzına böyük boşqab qoyub digər üzünə çevirə bilərsiniz.

Hazır olan kükünün üzərinə isti-isti əridilmiş kərə yağı töküb süfrəyə verin.

Nuş olsun!

Qoz kukusu

Qoz kukusu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...