Tort resepti Ferrero Rocher.

Məşhur konfetlərin tortunu qardaşımın ad günündə bişirmişdim. Şokoladlı biskvit, arasına qovrulmuş fındıq, vafli və ağ şokolad qarışımı, krem isə qaymaq və fındıqlı şokolad pastasından ibarətdir. Üzərinə isə tünd şokoladlı qanaş tökdüm. Çox dadlı və şokoladlı tort alındı.

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 160 qr un
  • 3 yumurta
  • 60 ml bitki yağı (iysiz)
  • 90 ml su
  • vanilin ekstraktı 1 çay qaşığı və ya şəkərli vanilin
  • 160 qr şəkər tozu
  • 2 xörək qaşığı kakao
  • 1 çay qaşığı qabartma tozu
  • bir çimdik duz

Krem üçün:

  • 480 ml 33% li qaymaq
  • 2 xörək qaşığı şokolad pastası (Nutella və ya digəri)

Arasına:

  • 150 qr ağ şokolad
  • 100 qr fındıq
  • vafli 50 qr

Üzərinə:

  • 150 qr tünd şokolad
  • 50 ml qaymaq

Bəzək üçün Ferrero Rocher konfetləri

Bitki yağı və yumurtanın sarılarını bir az mikserlə qarışdırıb üzərinə suda həll olunmuş kakaonu və vanilin töküb qarışdırın.

Un, şəkərin 1/3 hissəsini, qabartma tozu və duzu başqa bir qabda qarışdırıb yumurtalı qarışımın üzərinə əlavə edib mikserlə 1 dəqiqə qarışdırın.

Yumurta ağlarını bərkiyənə qədər şəkərin qalan hissəsi ilə mikserlə çalın.

Yumurta ağlarını da xəmirə qatıb hamısını birlikdə qaşıq vasitəsilə yaxşı qarışdırın.

Qabın dibinə yağlı kağız salıb kənarlarını yağlayıb xəmiri tökün və 180 dərəcədə 40-45 dəqiqə bişirin.

Biskvit bişən müddətdə kremi hazırlayaq. Bunun üçün qaymağı mikserlə qarışdırın, bir az bərkiməyə başladıqda üzərinə şokolad pastasını əlavə edib bir az da qarışdırın. Krem hazırdır. Soyuducuya qoyub biskvitin hazır olmasını gözləyin.

Digər bir qabda su hamamında ağ şokoladı əridib üzərinə yarıya bölünmüş qovrulmuş fındıqları və vaflini bir qədər kiçik hissələrə bölüb tökün və qarışdırın. Bu qarışımı soyuducuya qoyun ki, soyusun.

Biskvit soyuduqdan sonra iki yerə bölün.

Biskvitin yarısının üzərinə qaymaqlı kremdən çəkib vafli və fındıqlı qarışımı hər tərəfinə bərabər şəkildə yayın.

İkinci korju da kremləyib vaflili qarışımın üzərindən qoyun. Şəkildə mən tortun üzərini və kənarlarını da kremləmişəm, ancaq siz bunu etməsəniz də olar. Çünki üzərinə şokoladlı qlazur tökəndə krem əriyə bilər, mən də bir az əridi və qlazura qarışdı, ancaq vəziyyətdən çıxdım :))

Şokoladlı qanaş üçün qaymağı qızdırın, ancaq qaynatmaq olmaz. Şokoladı kiçik hissələrə bölüb üzərinə isti qaymağı töküb şokoladın əriməyini gözləyin, şokoladı tam əridib qaymaqla qarışdırın.

Qanaşı birbaşa tortun üzərinə tökün. Mən kremin üzərindən tökdüyüm üçün kremlə bir az qarışıb rəngi açıq alındı.

Bir neçə saat siyuducuda saxladıqdan sonra kəsib yeyə bilərsiniz.

Hamınızın hazırlamağını məsləhət görərdim. Çox dadlı və fərqli bir tortdur.

Nuş olsun!

Tort resepti Ferrero Rocher

Tort resepti Ferrero Rocher

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...