//Portağallı Çizkeyk

Portağallı Çizkeyk

Cizkeyk resepti portagalli

Çizkeyk (Cheesecake) – Bütün dünyada məşhur və sevilən desertdir. Vətəni Nyu-York şəhəri sayılır. 1872-ci ildə bir fermer Fransız pendiri olan Nyeshatel (Neufchâtel) pendiri hazırlamaq istəyir, amma hazırlanma prosesində bir səhvlik olur və ortaya tamamilə başqa bir növ pendir çıxır. Sonralar bu pendir məşhur Philadelphia pendiri adı ilə satışa çıxarılır. Hamının sevərək yediyi çizkeyk də əsasən bu pendirdən hazırlanır. Klassik Nyu-York çizkeyki heç bir meyvə, çərəz əlavə olunmadan hazırlanır. Amma dünyada çizkeykin bir çox əlavələr olunaraq hazırlanan yüzlərlə növü var. Mən bu gün sizə klassik Nyu-York çizkeykinin üzərinə portağallı sous əlavə edərək hazırladığım resepti təqdim edirəm.

Lazım olan ərzaqlar:

Alt qat üçün:

  • 125 qr kərə yağı (ərinmiş)
  • 250 qr sadə peçenye (petit beurre növü)
  • 1/4 stəkan şəkər tozu

Pendirli qat üçün:

  • 900 qr Philadelphia pendiri (Labne pendiri ilə əvəz etmək olar)
  • 1 və 1/4 stəkan şəkər tozu
  • 10 qr şəkərli vanilin və ya 1 xörək qaşığı vanil ekstraktı
  • 2 xörək qaşığı limon suyu
  • 4 ədəd yumurta
  • 2 xörək qaşığı un

Portağallı qat üçün:

  • 2 stəkan təzə sıxılmış portağal şirəsi
  • 1 stəkan təzə sıxılmış mandarın şirəsi
  • 1/3 stəkan şəkər tozu
  • 3 xörək qaşığı nişasta

Əvvəlcə çizkeykin alt qatını hazırlayaq. Bunun üçün peçenyeni blenderdə xırdalayıb, üzərinə ərinmiş yağ və şəkər tozunu töküb qarışdırın.

Kənarları açılan qabın (məndə 24 sm) dibinə kalka kağızı salıb peçenyeli qarışımı bərabər şəkildə üstdən basaraq yayın. 160 dərəcəli sobada 10 dəq bişirib kənara qoyun.

Pendirli qat üçün pendiri bir böyük qaba töküb üzərinə şəkər tozu, vanil, limon suyu əlavə edib mikserlə bir qədər çalın.

Daha sonra yumurtaları bir-bir əlavə edərək mikserlə qarışdırın. Sonda unu da əlavə edib eynicinsli kütlə şəklinə düşənə qədər qarışdırın.

Qabın altını və kənarlarını folqa kağızı ilə bağlayın, çünki hazırladığımız məhlul həddindən artıq duru olur və qabın kənarlarından axa bilər. Sonra bu məhlulu peçenye qatının üzərindən töküb 50-55 dəqiqə 160 dərəcəli sobada bişirin. Bişəndən sonra çizkeykin ortası bir qədər yumşaq ola bilər, amma soyuduqdan sonra tam bərkiyəcək. Kənarda tam soyumağa buraxın.

Çizkeyk soyuyan müddətdə portağallı sousu hazırlayaq. Bunun üçün balaca bir qazanda portağal və mandarın şirəsi, şəkər tozu, nişastanı qarışdırıb odun üzərinə qoyun. Arada qarışdırmaq şərti ilə qaynayıb bir qədər qatılaşana qədər bişirin.

Kənarda soyutduqdan sonra portağal sousunu tam soyumuş çizkeykin üzərinə tökün və üzərini örtüb bir gecəlik soyuducuda saxlayın.

Soyuducudan çıxardıqdan sonra çizkeyki ehtiyatla qabdan çıxarın. Artıq çizkeyki süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Cizkeyk resepti portagalli

Cizkeyk resepti portagalli

Cizkeyk resepti portagalli

Cizkeyk resepti portagalli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-05-01T13:19:54+00:00 January 3rd, 2017|Şirniyyatlar|2 Comments

2 Comments

  1. Farqana May 14, 2017 at 11:46 am - Reply

    Ela ellerınıze saglıq. Qıymetlendırme de elım deydı sehv oldu onu nece duzelde bılerem?😒

    • Mujgan May 14, 2017 at 8:39 pm - Reply

      Çox sağ olun! Eybi yox, narahat olmayın, heç nə olmaz 🙂

Leave A Comment