Falafel

Falafel resepti

Falafel – əsasən Ərəb ölkələrinin mətbəxinə aid bir yeməkdir. İlk dəfə bu yeməyin Misirdə hazırlandığı deyilir. Ərəb dilindən tərcümədə “falafel”  – bibər sözünün cəm halıdır.

Falafel İsraildə də çox məşhurdur. Hətta onu İsrailin milli mətbəxinə də aid edirlər. İsraildə bu yemək o qədər məşhurdur ki, insanlar arasında belə bir zarafat da var. Niyə hələ İsraildən olan heç bir insan kosmosda olmayıb? Cavab olaraq isə deyirlər,hələ heç kim falafeli kosmosda istifadə etmək üçün qaba yerləşdirə bilməyib. Falafelsiz isə onlar heç yerə gedə bilməzlər 🙂 Hətta İsraildəki McDonalds fast-food şəbəkəsi restoranlarında menyuda MakFalafel də var.

Falafelin əsas tərkib hissəsi noxuddan ibarətdir. Noxud zəngin zülal tərkibinə malikdir. Öz yağlı və tutumlu teksturası ilə əti də əvəz edə bilər. Buna görə də falafel vegan və vegeterianların da sevimli yeməyidir. Noxuddan əlavə isə falafelin tərkibinə müxtəlif ədviyyatlar vurulub dadı zənginləşdirilir. Falafeli müxtəlif souslarla ayrıca yemək olar. Çox vaxt isə pita çörəyinin arasında pomidor, xiyar, soğan və sous ilə fast-food kimi yeyirlər. Bir sözlə, ərəb ölkələrində və hal-hazırda bir növ dəb halını almış vegeterianlar arasında falafelin öz yeri var. Həm dadlı, həm xeyirli olan bu yeməyin reseptini sizinlə bölüşmək istəyirəm. Ümid edirəm siz də falafel reseptini bəyənib öz menyunuza əlavə edəcəksiniz.

Resept Gimme Some Oven bloguna əsaslanaraq hazırlanmışdır.

Lazım olan ərzaqlar:

  • 1 dəstə cəfəri
  • 400 qr bişmiş noxud və ya konservləşdirilmiş noxud
  • 1 dəstə keşniş
  • 1 kiçik baş soğan
  • 2 diş sarımsaq
  •  1 çay qaşığı üyüdülmüş cirə
  • 1 xörək qaşığı limon suyu
  • 3 xörək qaşığı un
  • 1/2 çay qaşığı qara istiot
  • 1 + 1/2 çay qaşığı duz
  • 4-5 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı qabartma tozu

Əgər konservləşdirilmiş noxud istifadə edirsinizsə, suyunu süzün. Əgər noxudu özünüz bişirəcəksinizsə, onda onu axşamdan suda isladın. Gecədən islatdığınız noxudu yumşalıb bişənə qədər suda qaynadın. Suyunu süzüb soyumağa qoyun.

Bişmiş noxudu, keşniş, cəfəri, sarımsaq, soğan, un, limon suyu, qabartma tozu, cirə, duz və istiotu blenderin qabına töküb qarışdırın.

Sonra alınan qarışımı başqa bir qaba boşaldın. Üzərini bağlayıb 1-2 saatlıq soyuducuya qoyun.

Qarışımı soyuducudan çıxarıb hərəsi 2 xörək qaşığı olmaqla yumru küftələr formasına salın. Daha sonra üzərini basaraq dairəvi disk forması verin. Bütün qarışımdan belə disklər hazırlayın.

Tavada bitki yağını qızdırın. Yağ qızandan sonra ehtiyatla falafel disklərini yağa salın. Hər bir üzü 2-3 dəqiqə olmaqla orta odda qızardın.

Bişmiş falafelləri kağız salfetin üzərinə yerləşdirin.

Hazırladığınız falafelləri süfrəyə müxtəlif souslar və ya pita çörəyinin arasında sendviç şəklində verə bilərsiniz.

Falafel resepti

Nuş olsun!

falafel resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...

 

 

By | 2017-07-24T12:22:49+00:00 July 10th, 2017|Qəlyanaltılar|0 Comments

Leave A Comment