Gürzə

Gurze resepti

Çox zəngin Azərbaycan mətbəxinin daha bir yeməyini sizin üçün addım şəkilləri ilə çəkdim. Çoxlarınıza çətin gələn bu yeməyi ikinci dəfə idi ki, hazırlayırdım. Mən də bükə bilməyəcəyimdən qorxub, bu yeməyi hazırlamağı həmişə sonraya saxlayırdım. Amma bu dəfə yəqin ki, təcrübəmin artdığından irəli gəlir ki, bu yeməyi bişirmək mənə heç də çətin gəlmədi. İnanıram ki, bundan sonra mətbəximdə gürzə tez-tez bişəcək. Xəmir xörəkləri ilə zəngin olan Azərbaycan mətbəxində gürzə də sevilərək hazırlanan yeməklərdəndir. Bir çox bölgələrdə çiy ətlə hazırlanır və girs adlanır. Əsasən Bakı zonasında isə bu yemək qovrulmuş çəkilmiş ət ilə hazırlanır və gürzə adlanır. Ümumiyyətlə, gürzənin oxşar variantları bir çox dünya ölkələrinin mətbəxlərində də rast gəlinir. Hətta Çində belə bizim gürzə resepti ilə eyni formada bükülən Jiao zi adlanan  yemək hazırlanır. Qızardılmış, suda və buxarda bişmiş varianları vardır.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • 2 stəkan un
  • 1 ədəd yumurta
  • 1/4 stəkan su (təqribi)
  • 1/2 çay qaşığı duz

İç üçün:

  • 400 qr çəkilmiş yağlı ət
  • 1 böyük baş soğan
  • duz
  • istiot

Əvvəlcə çəkilmiş ət soğanla birlikdə duz, istiot əlavə olunaraq qovrulur.

Xəmir üçün un, yumurta, duz, üzərinə su əlavə olunmaqla normal yumşaqlıqda xəmir yoğrulur.

Xəmiri kündələrə bölürük, çox nazik olmamaq şərti ilə yayırıq.

Sonra stəkan və ya digər dairəvi kəsici əşya ilə xəmirdə dairələr kəsirik. Bişmiş qiymədən təxminən 2 çay qaşığı hər dairənin ortasına qoyuruq.

Daha sonra hörük formasında bükülür.

 

Hazır olan gürzələri qaynayan,duz əlavə olunmuş suda 5-7 dəqiqə bişirib suyunu süzüb boşqaba qoyuruq. Üzərinə əridilmiş kərə yağı töküb qatıqla süfrəyə veririk.

Nuş olsun!

Gurze resepti

Gurze resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-25T18:57:09+00:00 February 3rd, 2017|Əsas Yeməklər, Milli|2 Comments

2 Comments

  1. Mehin May 16, 2017 at 5:58 pm - Reply

    Çox sağolun resepte göre.

    • Mujgan May 20, 2017 at 9:25 pm - Reply

      Dəyməz, siz sağ olun.

Leave A Comment