Küftə

Kufte resepti

Zəngin Azərbaycan mətbəxinin bir nümunəsi də küftə bozbaşdır. Məncə bu yeməyin ən çox hazırlandığı yer Bakı kəndləridir, çünki heç bir yığıncağı, məclisi küftə bozbaşsız təsəvvür etmək olmaz.
Küftə sözü Fars dilində əzmək mənasında işlənən “koftan” sözündən əmələ gəlmişdir. (məlumat Azcookbook səhifəsindəndir) Bu da küftədə istifadə olunan ətin çəkilmiş (əzilmiş) olması ilə əlaqədardır.

Lazım olan ərzaqlar:

  • 6 küftə üçün
  • 1 kq yağlı qoyun və mal əti qarışığı
  • 2 ədəd baş soğan
  • 2 xörək qaşığı yumru düyü
  • 6 ədəd orta ölçülü kartof
  • 2 litr su və ya bulyon
  • 6 ədəd alça turşusu
  • noxud yarım stəkan
  • duz
  • istiot
  • sarıkök
  • zəfəran
  • quru nanə

Noxud axşamdan isladılır. Suyu süzülüb üzərinə yenidən su əlavə olunub yumşalana qədər bişirilir.
Ət soğan ilə birlikdə ətçəkən maşında çəkilir, düyü yuyulub süzülür və bura əlavə olunur, duz , istiot və sarıkök vurulub yaxşıca qarışdırılır. Əti yaxşı qarışdırmaq lazımdır ki, küftələr suda bişəndə açılmasın.

Sonra hazır olan ətdən ovuc içi boyda götürülür və içinə alça turşusu qoyub yumurlanır. Ayrı bir qabda bir az duzlu su hazırlanıb keftələri içində fırladıb bir boşqaba yığırıq.

Hazır olan küftələrin üzərini bağlayıb digər hazırlıqları görənə qədər soyuducuda saxlayın.

Kartofları bütöv şəkildə soyun. Əgər çox böyükdürsə iki yerə bölün.

Böyük bir qazanda su qaynadın.
Beləliklə, son olaraq küftə bozbaşı bişirmək üçün sizə lazım olacaq:
hazırlanmış küftələr, soyulmuş kartof, bişmiş noxud, duz, sarıkök, zəfəran və qaynar su.

Qaynar suya əvvəlcə küftələri salın. Suyun üzərinə yığılmış ətin köpüyünü yığın.

Daha sonra noxudu, kartofu, çay qaşığının ucunda bir az sarıkök və 5-6 tel zəfəran əlavə edib orta odda çox qaynatmadan bişirin. Təxminən 1 saat müddətdə yemək hazır olacaq.

Yemək süfrəyə veriləndə üzərinə quru nanə səpilir.

Nuş olsun!

Kufte resepti

Kufte resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-21T10:15:44+00:00 June 24th, 2015|Milli, Şorbalar|0 Comments

Leave A Comment