Ad gunu tortu.

Əslində bu tortu nağıl tortunun resepti ilə etmişəm, amma görünüşcə klassik nağıl tortu kimi bəzəmədim. Bəzək üçün şəkər xəmirindən istifadə etdim. Bu tortu oğlumun 1 yaşına hazırlamışdım 🙂

Lazım olan ərzaqlar:

Böyük korj üçün:

  • 5 yumurta
  • 1 stəkandan bir az az, yəni 3/4 st. un
  • 1 st. şəkər tozu
  • 50 qr (1/4 st.) kartof nişastası

Kiçik korj üçün:

  • 3 yumurta
  • 0.5 st. un
  • 0.5 st. şəkər tozu
  • 2 x.q nişasta

Krem üçün:

  • 200 qr kərə yağı (yumşalmış)
  • 3/4 st. şəkər tozu (1 st.dan bir az az)
  • 2 yumurtanın sarısı
  • 0.5 st. süd
  • vanil

Tort böyük olduğu üçün krem ərzaqlarını 2 dəfə artırdım, siz bir korj etsəniz ərzaqları artırmağa ehtiyac yoxdur.

Hər korju ayrı-ayrılıqda hazırladım. Əvvəl böyük korjun 5 yumurtasını şəkər tozu ilə mikser vasitəsilə çaldım.

Sonra un və nişastanı ələkdən keçirib qaşıqla qarışdırdım.

Soba qabının dibinə kalka kağızı kəsib saldım, kənarlarını isə yağladım və xəmiri qaba töküb 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirdim.
Kiçik korju da eyni qayda ilə hazırlayıb bişirdim.

Korjlar bişən müddətdə kremi hazırladım.

Yumurta sarılarını və südü çırpma teli ilə qarışdırdım.

Odun üzərində qaynayana kimi qarışdırdım. Kənara çəkib soyutdum.

Yumşalmış kərə yağını mikserlə çaldım.

Hazırladığım yumurta və südlü məhlulu əlavə edib birlikdə qarışdırdım və kremi soyuducuya qoydum ki, özünü tutsun.

Korjlar hazır olanda soyudub qabdan çıxardım. Hər birini ortadan iki yerə bölüb kremlədim və arasına qoz səpdim. Hər tortun üzərinə və kənarlarına da nazik qat krem çəkdim. Birinci tortun üzərini şəkər xəmiri ilə örtəndən sonra ikincini də şəkər xəmiri ilə örtüb böyüyün üzərinə qoydum və bəzədim.

Ad günü olduğu üçün tortun kəsiyini çəkə bilmədim 🙂

Ad gunu tortu

Ad gunu tortu

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...