Cizkeykli keks resepti.

İnternetdə belə bir resept qarşıma çıxdı. Evdə soyuducuda olan krem pendiri işlətmək üçün bu resepti yoxlamağı qərara aldım və nəticəsi çox dadlı və maraqlı alındı. Sizinlə də bu resepti bölüşmək istəyirəm. Xüsusən çizkeyk sevənlər üçün maraqlı ola bilər.

Cheesecake üçün:

  • 200 qr labne pendiri (cream cheese)
  • 5 x.q şəkər tozu
  • 1 y
  • Yumurta 1 ədəd
  • 1 x.q. nişasta ( kartof və ya qarğıdalı)
  • 1 ç.q. vanilin

Keks üçün:

  • 200 qr kərə yağı
  • 1 st. su
  • 3 x.q kakao
  • 1.5 st. şəkər tozu
  • 3 st. un
  • 3 ç.q. qabartma tozu
  • 1 ç.q. vanilin
  • 0.5 st qatıq
  • 2 yumurta

Əvvəlcə çizkeyk içliyini hazırlayaq. Bunun üçün krem pendir, şəkər, yumurta, nişasta və vanilini bir qaba tökün.

Çəngəl ilə eynicinsli kütlə olana qədər yaxşıca qarışdırın.

Keks xəmiri üçün yağı, kakao və suyu kiçik bir qazana töküb az odda qarışdıra-qarışdıra qaynatmadan yağ əriyənə qədər saxlayın.

Dərin bir qabda unu ələkdən keçirib tökün, qabartma tozu, şəkər tozu və vanilini qarışdırıb üzərinə isidilmiş kakaolu qarışığı əlavə edə-edə qarışdırın.

Sonda yumurta və qatığı töküb hamısını eynicinsli kütlə halına gələnə qədər qarışdırın.

Keks qabını yağlayıb, hər tərəfinə bir az un səpin, keks xəmirinin yarısından bir az çoxunu qaba tökün.

Üzərinə çizkeyk qarışığını qaşıqla qoyun, elə qoyun ki, qabın kənarlarına yox ortaya düşsün.

Sonra qalan keks xəmirini üstünə tökün.

Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 1 saata qədər bişirin. Xəmir çox olduğu üçün yaxşı olar ki, böyük keks qabında bişirəsiz.

Soyuduqdan sonra üzərinə şokaladlı sous və ya şəkər kirşanı səpə bilərsiz.

Nuş olsun!

Cizkeykli keks resepti

Cizkeykli keks resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...