Rulet resepti ciyelekli.

Bu biskvite ona görə şifon biskvit deyilir ki, tərkibinə daxil olan ərzaqların sayəsində çox zərif və yumşaq alınır. Rulet üçün belə biskvit idealdır, bükülərkən qırılmır. Çox yumşaq biskvit klassik qatılaşdırılmış süd və yağ kremi, çiyələk püresi ilə tamamlanaraq çox ləzzətli bir rulet ortaya çıxarır.

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 1 stəkan un
  • 60 ml qarğıdalı yağı (iysiz)
  • 80 ml çiyələk püresi
  • 5 xörək qaşığı şəkər tozu
  • 3 ədəd yumurta
  • vanil
  • 1 çay qaşığı qabartma tozu
  • bir çimdik duz

Krem üçün:

  • 250 qr kərə yağı
  • bir banka qatılaşdırılmış süd

Çiyələk püresi üçün:

  • 150 qr çiyələk
  • 2 xörək qaşığı şəkər tozu

Bir qabda quru ərzaqları – şəkər tozunun yarısını, un, qabartma tozu, vanil və duzu qarışdırın.

Blender ilə çiyələk və şəkər tozunu qarışdırıb püre halına gətirin.

Yumurtaların ağını sarısından ayırın. Sarıların üzərinə çiyələk püresinin yarısını əlavə edin. Digər yarısı isə ruleti bükərkən içinə çəkiləcək.

Duru yağı da əlavə edib qarışdırın.

Unlu qarışımı az-az əlavə edərək qarışdırın.

Yumurta ağlarını ağarıb bərkiyənə qədər mikserlə çalın. Sonra ümumi qarışığa qatıb biskvitin xəmirini hazırlayın.

Sobanın qabına yapışmayan kağız salıb xəmiri üzərinə töküb bərabər şəkildə yayın.

170 dərəcəli sobada 13-15 dəqiqə bişirin, biskviti çox bişirib qurutmaq olmaz.

Bişmiş biskviti isti halda kağız ilə birlikdə rulet formasında bükün ki, sonra ruleti bükmək asan olsun. Biskviti bu vəziyyətdə soyudun.

Krem üçün əvvəlcə yumşalmış kərə yağını mikserlə çalın, sonra üzərinə qatılaşdırılmış südü əlavə edib çalın.

Biskvit soyuduqdan sonra açıb kağızı çıxarın , folqa kağızının üzərinə qoyub içinə əvvəlcə qalan çiyələk püresini, sonra isə krem çəkib ruleti bükün. Folqa kağızına bükülü şəkildə 1 saat soyuducuda saxlayın.

Soyuducudan sonra üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz. Mən əvvəlcə şokoladlı sous töküb, qalan krem və doğranmış çiyələklə bəzədim.

Rulet resepti ciyelekli

Rulet resepti ciyelekli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...