Sokoladli keks resepti.

Qovrulmuş fındıq və şokolad sevən biri olaraq mən bu keksi çox bəyəndim. Məncə siz də bəyənəcəksiz. Adi bir gündə və ya dostlarınızı çaya dəvət etdikdə tez və asan hazırlaya biləcəyiniz bir keksdir. Həm də çox ləzzətli… 😉

Lazım olan ərzaqlar:

  • 4 yumurta
  • Yarım stəkan şəkər tozu
  • 150 qr kərə yağı (yumşalmış)
  • 100 qr şokolad (tünd və ya südlü fərq etmir)
  • 100 qr fındıq (üyüdülmüş)
  • 1 stəkan un
  • 3 xörək qaşığı nişasta (kartof və ya qarğıdalı)
  • 1,5 çay qaşığı qabartma tozu
  • Üzəri üçün 100 qr şokolad

Əvvəlcə yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını hələlik soyuducuya qoyun.

Un, qabartma tozu, nişastanı bir qabda ələkdən keçirib qarışdırın.

Şokoladı Benmari üsulu (bu üsul haqqında aşağıda qeyd etmişəm) əridin.

Şəkər tozu və yumşalmış yağı çəngəl ilə qarışdırın.

Yumurta sarılarını əlavə edin.

Əritdiyiniz 100 qr şokoladı əlavə edib hamısını qarışdırın.

Üyüdülmüş fındığı töküb qarışdırın.

Un, nişasta və qabartma tozunu töküb qaşıqla yaxşı qarışdırın.

Soyuducuya qoyduğunuz yumurta ağlarını bir çimdik duz ilə mikser ilə ağarıb bərkiyənə qədər çalın və keksin xəmirinə qatıb hamısını yaxşı qarışdırın.

Keksi bişirəcəyiniz qabı yağlayıb xəmiri töküb hamarlayın.

180 dərəcəli sobada 40 dəqiqə bişirin. Sobadan çıxarıb soyudun.

Keksin üzərinə tökmək üçün şokoladı Benmari üsulu ilə, yəni buxarda əridin.

Bu üsul şokoladı əritmək üçün istifadə olunur. Bunun üçün bir böyük qazan götürülür, üzərinə daha kiçik bir qab qoyulur, çalışmaq lazımdır ki, altdakı qazandakı su üstdəki qaba toxunmasın. Suyun buxarı ilə qab qızır və şokolad əriyir.

Keks soyuduqdan sonra ərinmiş şokoladı isti-isti keksin üzərinə tökün və bərabər şəkildə yayın.

Artıq keksi doğrayıb bir stəkan çay ilə süfrəyə verə bilərsiz.

Nuş olsun!

Sokoladli keks resepti

Sokoladli keks resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...