Biskvit tortu ciyelekli bananli.

Bu tortu 2015ci il, Yeni ilə hazırlamışdım. Bu biskivit çox yumşaq və yüngül alınır. Krem isə mənim sevdiyim bişmə kremdir. Üzəri üçün qaymaqlı krem istifadə etdim. Arasına istədiyiniz meyvələrdən qoya bilərsiz. Mən banan və çiyələk istifadə etmişəm, bu iki meyvəni birlikdə çox sevirəm.

Lazım olan ərzaqlar:

Biskvit üçün:

  • 5 yumurta
  • 1 st.şəkər tozu
  • 1 st. un
  • 2 x.q qaynanmış su
  • 2 x.q. duru yağ
  • Vanilin
  • 1 ç.q. qabartma tozu

Krem üçün:

  • 2 st. süd
  • 3 x.q.un
  • 3 x.q. şəkər tozu
  • 150 qr yağ
  • 200 ml qatılaşdırılmış süd

Arasına:

  • Banan
  • Çiyələk

Yumurtaları mikserlə 5 dəqiqə çalın.

Şəkər tozunu yumurtalara əlavə edə-edə mikserlə ağarana qədər çalın.

Sonra unu qabartma tozu ilə birlikdə ələkdən keçirib bura əlavə edin.

Yağ və suyu da töküb qaşıqla hamısını eynicinsli kütlə olana qədər qarışdırın.

Soba qabını yaxşı yağlayıb və ya kalka kağızı sərib xəmiri tökün. 180 dərəcədə 40-45 dəqiqə bişirin. Hazır olub olmadığını çöp ilə yoxlaya bilərsiz.

Krem üçün südü, şəkər tozu və unu qarışdırın. Elə edin ki, un südün içində topalanmasın.

Az odda qarışdıra-qarışdıra qaynayana qədər bişirin. Sonra kənarda tam soyudun.

Başqa bir qabda yumşalmış kərə yağını qatılaşdırılmış süd ilə mikserlə çalın, soyumuş südlü məhlulu əlavə edib hamısını yaxşı qarışdırın. Krem hazırdır.

Korju 2 bərabər yerə bölün. Mən iki ədəd korj bişirib hərəsini 2 yerə böldüm. Belə tortun hündürlüyü də çox oldu.

Korjların arasını kremləyib doğranmış banan və çiyələk düzdüm.

Tortun üzərini və yanlarını  isə qaymaqlı krem ilə örtdüm. Qaymaqlı kremi hazırlamaq üçün 250 ml qaymağı 2 xörək qaşığı şəkər kirşanı ilə qaymaq bərkiyənə qədər mikser ilə çaldım.

Yüngül, yumşaq və çox ləzzətli bir tort alındı. Siz də sınaya bilərsiz.

Nuş olsun!

Biskvit tortu ciyelekli bananli

Biskvit tortu ciyelekli bananli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...